Binəqədidə it yiyəsini tanımır

“Sənədsiz gəldi, sənədli, qaç!” – Xocasən icra nümayəndəsi qanunsuz tikiliyə rəvac verdiyini rəsmən təsdiqlədi

Bakıətrafı ərazilərdə yerləşən sənədsiz evlər inşa olunarkən tikinti ilə bağlı müəyyən qurumların — rayon icra hakimiyyətlərinin, icra nümayəndəliklərinin, bələdiyyələrin, sahə müvəkkillərinin xəbəri olur. Onlar qeyri-rəsmi o evlərin tikilməsinə razılıq verərək, tikintiyə göz yumurlar. Sadəcə sakinlərə tikintiyə razılıqla bağlı hər hansı rəsmi sənəd yoxdur. Hətta gecəqondu sayılan evlərə belə işıq, qaz, su sayğacları qoyulub.

Qanunsuz tikililərin mütləq əksəriyyətində tikinti-arxitektura tələblərinə, qaydalarına əməl edilməyib. Hazırda sənədsiz tikililərin inventarlaşdırılması işləri davam edir. Bu proses hələ ki, tam başa çatdırılmayıb. Sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması işi başa çatdıqdan sonra aidiyyəti üzrə təqdim ediləcəyi, tövsiyyə xarakterli hökumət qarşısında məsələ qaldırılacağı deyilir.

İnfrastruktur nəzərə alınmadan qanunsuz inşa edilmiş tikililərin hansısa magistral qaz, su, elektrik xəttinin mühafizə zolağına düşməsi bir problemdirsə, onların qanuni tikilmiş evlərə törətdiyi maneələr bir başqa problemdir. Belə maneələr olduqda vətəndaşlar arasında narazılıqlar, qonşular arasında mübahisələr yer alır ki, bu da “yersiz gəldi, yerli, qaç!” zərb-məsəlini yada salır.

Bu günlərdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsindəki 140A-240A evlərinin sahibləri şəhid qardaşı Abdullayev Əmrah Yusif oğlu və Vəlicanov Qamət Səməd oğlu Dəryaz qəzetinin redaksiyasına müraciət edərək, qarşılaşdığı problemin KİV-də ictimailəşdirilməsini xahiş etmişdir. Vətəndaş ümid edir ki, bəlkə bundan sonra müraciət etmiş olduğu aidiyyəti qurumlar ictimai qınaq qarşısında qalıb problemin həllinə çalışarlar.

Vəlicanov bildirir ki, onun özü və bağ qonşusu şəhid qardaşı Abdullayev Əmrah Yusif oğlu 20 ilə yaxındır ki, sözügedən ünvanda yaşayırlar. Bağ evlərinin qanuni çıxarış sənədi – “kupçaları” da var, həmin ünvanda qeydiyyatdadırlar. Amma Rizvan adlı başqa bir şəxsin onların qonşuluğunda qanunsuz ev tikməyə başlamasından sonra ciddi problem yaranmışdır. Belə ki, Rizvan 2021-ci ilin iyul ayında apardığı tikinti işlərinin gedişində kanalizasiya xəttini dağıtmış, hətta ümumi istifadədə olan lyuku belə qoparıb atmışdır.

Vəlicanov bildirir ki, hazırda kanalizasiyadan istifadə etmənin mümkünsüzlüyü səbəbindən yaşayış yerinbi dəyişməyə, kirayədə qalmağa məcbur olmuşdur: “Bu barədə ilk əvvəl Rizvanla və onun qaynatası Çərkəz kişi ilə danışıqlar aparmışıq. Demişəm ki, qonşuluqda bir-birimizdən şikayət etmək yaxşı deyil, bu məsələni öz aramızda həll etməliyik. Hər dəfə söz verib ki, yaxın vaxtda kanalizasiya xəttini bərpa etdirəcək. Amma vədinə əməl etməyib. Nəhayət, oktyabr ayında mən Binəqədi Rayon İcra Hakimiyyətinin Xocasən inzibati ərazi dairəsi üzrə nünayəndəliyinə yazılı müraciət elədim. Nümayəndəlik məsələnin müsbət həll üçün heç bir addım atmadı. Noyabrın 4-də ölkə başçısına teleqram vurdum. Bundan sonra icra nümayəndəliyinin sədri Teyyub müəllimin imzası ilə bizə cavab məktubu gəldi ki, bəs nümayəndəliyin əməkdaşları məsələ ilə maraqlanıb, qonşularla söhbət aparıblar və məlum olub ki, həmin kanalizasiya xətti yararsız imiş. Məktubda bildirilir ki, qonşunun evinin tikintisi başa çatandan, sanitar qovşağı qurulandan sonra kanalizasiya xəttinin bərpası reallaşa bilər. Söhbət Rizvanın tikdiyi qanunsuz evdən gedirsə, əslində biz müraciət edən kimi həmin yerdə inşaat işlərinin dayandırılması təmin olunmalıydı. Bunun əvəzinə qanuni ev sahiblərinə məsləhət görülür ki, gözləyin, qanunsuz tikili başa çatsın. Bu necə məntiqdir? Üstəgəl, Rizvana sual verən yoxdur ki, kanalizasiya əgər xətti yararsızdırsa, onu niyə dağıdırdın, vaxtında qonşularınla bir araya gəlib təmir olunması məsələsini aidiyyəti qurumlar qarşısında qaldıra bilməzdinmi?”

Şikayətçi həmçinin qeyd edir ki, icra nümayəndəliyinin cavabı onları qane etmədiyi üçün həmin məktubu ərizələrinə qoşma edərək növbəti dəfə ölkə Prezidentinə müraciət ediblər. İndi nəticə gözləyirlər.

P.S. Qarşı tərəfin də mövqeyini öyrənmək üçün Binəqədi rayon İcra Hakimiyyətinin gmail adresinə sorğu göndərib nəticəsini öyrənmək üçün dəfələrlə zəng etsək də, heç bir nömrəyə cavab verən olmadı. Xocasən qəsəbə İcra Nümayəndəsinin müavini Ramiz bəylə əlaqə saxladıq. O ilk öncə qanunsuz evin sahibini müdafiə etdikdən sonra bildirdi ki, mən məzuniiyyətdəyəm. İcra Nümayəndəsi Teyyub əkə isə günahı bələdiyyənin və İcra Hakimiyyətinin başçısının üstünə atıb danışığımızı yarımçıq qapatdı. Katibə əlaqəni yenidən birləşdirməyə çalışsa da, İƏD-nin nümayəndəsi cavab vermədi. Katibə axırda telefonun xarab olduğunu bəhanə gətirdi. Əslində xarab telefon deyil bu qurumların fəaliyyətidir.Bu da bunların tərbiyəsizliyinin bir növü.

Mövzunu davam etdirəcəyik

Deryaz.az

196 просмотров всего, 1 просмотров сегодня