Ekologiya Nazirliyində bir milyon iki yüz min manat necə mənimsənildi

ETSN rəhbərliyi üzüqara işçiləri ilə tezliklə üzülüşəcək

Umayra Tağıyeva: “Son illərdə meteoroloji anomaliyalar özünü daha qabarıq  və tez-tez göstərir"

Sadiq oxucularımız xatırlayarlar, bu ilin fevral ayında “Dəryaz” qəzetinin internet səhifəsi olan “Deryaz.az” saytında  “Mamasının gül balası Ekologiya Nazirliyində at oynadır, xidmət rəisi isə tədbir görmək əvəzinə vəzifəsini qaldırır” sərlövhəli, “Ekologiya Nazirliyinin əməkdaşlarının Amerika macəraları” yarımbaşlıqlı tənqidi məqalə dərc olunmuşdu.

Sözügedən məqalə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən adının çəkilməsini istəməyən əməkdaşlarından birinin əslini Nazir cənab Muxtar Babayevə, surətini isə redaksiyamıza göndərdiyi müraciət əsasında hazırlanmışdı. Müəllif bildirirdi ki, Radiometerologiya Aviametereologiya Aerologiya mərkəzinin direktoru və Audit Xidmətinin bölmə rəisi Nail Nəsibov əməkdaşlarla kobud davranır, vəzifə səlahiyyətlərindən sui-istifadə edir, kollektivə hörmətsizlik göstərir. Xatırladılırdı ki, Nail Nəsibov içkili olduğundan, onunla ABŞ-a ixtisasartırma kursuna gedən beş nəfər Nazirlik əməkdaşlarından Zaur Əlimuradovla dava etmiş, bir-birinə xəsarət yetirən bu iki şəxs ertəsi gün tədbirə gözlərində qara eynək taxaraq çıxmağa məcbur olmuşdular. Həmin dava Nazirlik tərəfindən doğru araşdırılmayıb, əksinə, əvəzində ölkəmizi xaricdə biabır edən bu şəxsin vəzifəsi artırılıb.

Müraciətdə həmçinin göstərilirdi ki, artıq Nail Nəsibovun dosyasında CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi barədə 12.04.2020-ci il tarixli məhkəmə hökmü və 24.07.2008- ci ildə Binəqədi rayon məhkəməsinin hökmü ilə 234.1 maddəsi ilə qanunsuz olaraq narkotik vasitələrindən istifadə etmə cinayəti üzrə 11 ay 28 gün həbs cəzası var. Qeyd olunurdu ki, saxtakarlıqla məşğul olan bu şəxs özünə saxta əlillik dərəcəsi təyin etdirməkdən belə çəkinməyib.

Araşdırmalarımızla o da məlum olmuşdu ki, Nail Nəsibovun anası Milli Hidrometrologiya Xidmətinin rəisi Umayra Tağıyevanın ərinin rəhbər vəzifədə çalışdığı Buzovnada yerləşən 14 saylı xəstəxanada həkim işləyir.

Öyrəndik ki, məqalə dərc olunandan, faktlar KİV-də ictimailəşəndən sonra cənab Muxtar Babayev Nazirliyin hüquqşünasına Nəsibovun “Amerika macəraları” ciddi araşdırılsın. Hüquq şöbəsində Nəsibovla birgə ABŞ-da səfərdə olan şəxslərin hamısından bir-bir izahat alınıb və onlar qeyd olunan faktları təsdiqləyiblər. Sözün düzü, fikirləşirdik ki, məqaləmiz və onu qoşma edib göndərdiyimiz müşayiətedici məktublar, imeyllər, vatsapp mesajları (linklər) cınab nazirə çatdırılmır. Amma nə yaxşı ki, cənab Muxtar Babayev vətəndaşların müraciətlərinə yanaşma məsələsində bir çox başqa həmkarlarından həssaslığı ilə seçilirmiş.

Cənab Nazir Nail Nəsibovun əməllərini araşdırdıqdan sonra onu vəzifədən qovmaq qərarına gəldi. Həmin ərəfələrdə U.Tağıyevanın özünə yeni müavin təyin etdiyi də məlum oldu. Xidmətin direktor müavini vəzifəsinə Elmi araşdırmalar mərkəzinin rəhbəri Rafiq Verdiyev irəli çəkildi. Xatırladaq ki, Verdiyev qardaşlarından Asif adlı digəri MHX-nin Hidrologiya mərkəzinə rəhbərlik edir. Verdiyevlər və Rejim məlumatlarının arxivləşdirilməsi mərkəzinin rəhbəri Vəfadar İsmayılovun Nazirlikdə “tovuzlular triadası” yaratdıqları və ümumi iş naminə deyil, şəxsi mənafeləri üçün çalışdıqları barədə söhbətlər çoxdan dolaşırdı.

Əldə etdiyimiz məlumata görə, bu il beynəlxalq təşkilatlardan birinin 1,2 milyon manatlıq layihəsi ETSN-ə verilib. Aidiyyəti üzrə bölüşdürülüb qonorar verilməli olan zəhmətkeş işçilərin sayı 5-6 nəfər olsa da, Umayra Tağıyeva özü başda olmaqla, həmin pulları Xidmətin direktor müavini, əvvəllər Elmi araşdırmalar mərkəzinin rəhbəri olmuş Rafiq Verdiyevlə, Beynəlxalq əlaqələr şöbəsinin rəisi Fuad Hümbətovla və Fuadın həyat yoldaşı ilə, eləcə də Rejim məlumatlarının arxivləşdirilməsi mərkəzinin direktoru Vəfadar İsmayılovla öz aralarında “pay-püşk” ediblər. Bildirilir ki, həmin layihə üzrə U.Tağıyeva bu ilin yanvarından üzü bu yana hər ay bu layihədən özünə 30 min manat pul götürür.

KİV-in diqqət mərkəzinə gətirməsi ilə Nail Nəsibovun layiq olmadığı vəzifədən kənarlaşdırılmasından sonra ETSN-də həllini gözləyən bir mühüm problem də Əkbər Həsənov və Orxan Qasımov cütlüyünün hələ də iş başında olmalarıdır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya departamentinin direktoru olmuş Əkbər Həsənova, departamentin baş mühasibi İlqar Hacıyevə və departamentin digər əməkdaşları — Orxan Qasımova, Tural Hacızadəyə və Təbriz Əliyevə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülmüşdü. İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər. Nazirliyə dəymiş 451 min manat ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən işçilərin hər birinə şərti cəza verildi. Qeyd edək ki, adı çəkilən şəxslərdən yalnız İlqar Hacıyev həbsdə idi. Onun cəzası da şərti hesab edildi və o, məhkəmə zalından azadlığa buraxıldı. Qəribədir ki, Əkbər Həsənov və Orxan Qasımovun cəzaları aşağı vəzifələrə endirilmələri oldu. Halbuki, ən azından ümumiyyətlə, ETSN sistemində vəzifə tutmaq hüququndan məhrum edilməliydilər. Ümidvarıq ki, hörmətli nazir cənab Muxtar Babayev adları çəkilən şəxslərin daşıdıqları potensial təhlükəni duyur və məqsədəuyğun hesab etdiyi vaxtda və məqamda onlarla üzülüşməyə qərar verəcəkdir.

Deryaz.az

298 просмотров всего, 1 просмотров сегодня