Acı göz yaşları, ana fəryadı

        Əliyeva Şəfa Qabil qızı 2001-ci ildə Masallı rayonunda dünyaya göz açıb. Ailə həyatı qurub. Xoşbəxt, səmimi bir həyat yaşayırdı o. Sonradan tale üzünə gülmədi. Ilk övladı dünyaya gələrkən xəstələndi. Daha dəqiq desək, uşaq doğularkən ana “Çanaq sümüyünün çıxıqı” diaqnozu ilə qeydiyyata alındı. Elə o gündən də ananın ağrılı-acılı günləri başlandı. Müalicə üçün ailə vəsait tapa bilmədi. Gənc ana ciddi problemlərlə üzləşdi. Imkansızlıq bir tərəfdən acı yük olub ananın ciyinlərinə qondu. Doğulub boya-başa çatdığı Masallı rayonunda respublikanın əlaqədar təşkilatlarında döymədiyi qapı qalmadı. Lakin, kimsədən xoş xəbər gəlmədi. Gənc ana köməksiz, ümidsiz vəziyyətdə qalmalı oldu.

        Şəfa Əliyevanın həyat burulğanına düşməsi onun ailəsində də söz-söhbətə səbəb oldu. Ailədə dedi-qodular yarandı. Masallı rayonunun Boradigah kənd xəstəxanasında qeydiyyatda olan gənc ana Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya və Masallı rayon İcra Hakimiyyətinə kömək üçün müraciətlər etdi. Lakin, heç bir təşkilatdan müsbət cavab ala bilmədi. Ömrünün tufanlı, boranlı günlərini yaşayan ana artıq övladını dünyaya götürməyə də peşman oldu. Necə ola bilər ki, gənc ana övlad dünyaya gətirə və onun sevincli günlərini yaşamaya.

        Yaxın günlərin söhbətidir, Masallı rayonunda mərkəzi küçədə yol ilə gedirdim. Birdən kimsənin məni çağırdığını eşitdim. Səsə geri döndüm. Məni çağıranın kimliyini tanımırdım. O, məndən xahiş etdi ki, ona yaxınlaşım. Söhbət əsnasında bu acı həyat həqiqətlərini onun öz dilindən eşitdim. Qəlbimdə mən də narahat oldum və ondan soruşdum ki, bəs yaxınların sənə kömək etmirmi? Gənc qadın cavabında: “İndi hamı problemlər içində yaşayır. Heç kəs öz ailə problemlərinin öhdəsindən gələ bilmir. Dövlət təşkilatları mənə kömək etmirsə, onda yaxınlarım mənə nə kömək edəcək?”

        Şəfa Əliyevanın dediklərini və həyatda üzləşdiklərini ölkənin Mətbuat Orqanlarına çatdırmağı özümə borc bildim. İndi isə söz Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın və Masallı Rayon İcra Hakimiyyəti Aparatı rəsmilərindir. Gənc ana hər iki təşkilatdan kömək gözləyir.

İlham İbadlı,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Masallı rayonu

166 просмотров всего, 1 просмотров сегодня