Əlilləri döyən şəxs, İcra Hakimiyyətində işləyən məsul şəxsin əmisi imiş.Abşeronda məmur özbaşınalığı-VİDEO-FOTO

Abşeron İcra Hakimiyyəti qonşular arasına nifaq salır — XDMX-nin təqaüddə olan zabiti məmur çetesinə qarşı təkbaşına mübarizə aparır

         Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2B, mənzil 26 ünvanda yaşayan vətəndaş Lətifov Asif Aydın oğlu «Dəryaz» qəzeti redaksiyasına müraciət edərək, 2017-ci ildən başlayaraq rayon rəhbərliyində işləyən bəzi vəzifəli şəxslər tərəfindən təzyiqlərlə üzləşdiyi, məruz qaldığı hüquqpozmalarla bağlı şikayətlərinə məhəl qoyulmadığı, mülkiyyət hüququnun tapdalanaraq, məhkəmə qərarı olmadan ona məxsus avtomobil qarajının söküldüyü, onun və ailə üzvlərinin rahat yaşayışına mane olan, sakini olduğu binanın infrastrukturuna əngəl yaradan qonşusunun qanunsuz əməllərinə göz yumulması və s. barədə müfəssəl məlumatlar vermişdi. Bildirirdi ki, 2017-ci ilin may ayında RİH başçısının müavini İlham Quliyev binanın 90 sakinindən, o cümlədən həyətdə qarajı olan sakinlərdən yalnız ona məktub göndərib ki, qarajı ümumi yaşayış sahəsində yerləşdiinə görə zərurət yarandıqda sökülə bilər. Bundan başqa, 1981-ci ildən istifadə etdiyi, qarajı qoyduğu 2002-ci ildən 2012-ci ilə kimi hər il Mənzil-Kommunal Təsərrüfatı Birliyinə 50 manat torpaq haqqı ödədiyi torpaq sahəsi də əlindən alınacaq. Maraqlanıb, RİH-dən məktubda qeyd olunanları təsdiqləyiblər və bildiriblər ki, qaraj mütləq söküləcək, kimə pul veribsə, məhkəmə yolu ilə geri alsın. Asif Lətifov vəkil Elçin Sadıqovla müqavilə imzalayıb və 2017-ci ilin avqust ayında Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib. Sumqayıt İnzibati Məhkəməsinin keçirdiyi ikinci prosesə Abşeron İcra Hakimiyyətinin hüquqşünası Rəşad Qubadov çıxıb və ilk əvvəl RİH-nin məktubunun Asif Lətifovun ünvanına yalnış göndərildiyini, rayon rəhbərliyinin onun qarajını sökmək niyyətinin olmadığını, Abşeron RİH-nin tikinti-söküntü işlərinə baxmadığını deyib. Lakin buna baxmayaraq, Asifin qarajı heç bir məhkəmə qərarı olmadan sökülüb, torpağı əlindən alınıb, torpağın üzərində əkmiş olduğu ağaclar çıxarılaraq naməlum istiqamətə aparılıb. XDMX-nin 17 il xidmət etmiş zabiti naəlac qalın 2018-ci ilin avqust günlərindən birində gecə saat 2-dən səhərədək DTX-nin əsas binasının qarşısında gözləyib, qəbul olunmasını, dinlənilməsini istəyib. Doğrudur, qəbul olunub, dinlənilib, lakin problemi həll olunmayıb. Yaxşı ki, məhkəmə gedə-gedə Əmlak Komitəsinin ekspert mərkəzindən gəlib Asif Lətifovun qarajını, torpağın üstündəki yaşıl ağacları qiymətləndiribmişlər. Asif Lətifov yazırdı ki, bütün bunlarla əlaqədar Abşeron RİH başçısı İradə Gülməmmədovanın qohumu, icra nümayəndəsi Rafiq Yusifova müraciət edib. Yusifov ona deyib ki, «sənin ağacların çıxarılıb evinin arxasına əkiləcək». Lakin, icra nümayəndəsinin sözü yalan çıxıb, ağaclar basdırılmayıb. Torpağının deyil, yalnız qarajının əvəzi olaraq ona 5000 manat pul ödənilib, daha 510 manat ödəniləcəyini vəd etsələr də, yerinə yetirməyiblər.

Lətifovun şikayətində ehtiva olunan başlıca məsələ ondan ibarət idi ki, onun mənzilinin qarşısında, eyvanının 2 metrliyində qonşusu tərəfindən qanunsuz tikili inşa olunub. Bu barədə yuxarı instansiyalara şikayət məktubları yazsa da, şikayəti ilə əlaqədar çağırılıb dindirilsə də, heç bir müsbət nəticə hasil olmayıb. Lətifov həmçinin xatırladırdı ki, bir neçə il bundan qabaq Xırdalan şəhərində binaların birində partlayış baş vermiş, qanunsuz tikililər ucbatından FHN-nin xilasedicilər qrupunun binanın həyətinə girişi əngəllənmişdi.           

         Redaksiya olaraq, Xüsusi Dövlət Mühafizə Xidmətinin təqaüddə olan zabiti olmuş A.Lətifovun video-müraciət formasında olan həmin məlumatlarını araşdırılması üçün 09.10.2019-cu il tarixdə müşayiətedici məktublarla Azərbaycan Respublikasının Prezidentinə, Vitse-Prezidentə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinə, Daxili İşlər nazirinə və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya göndərdik. Ümid edirdik ki, xanım başçı məsələyə həssas yanaşacaq, nəticə barədə redaksiyanın məlumatlandırılmasını təmin edəcək.

         Dövlət Təhlükəsizlik Xidməti müraciətnaməmizi baxılmaq üçün Daxili İşlər Nazirliyinə göndərmişdir.

         Xüsusi Dövlət Mühafizə Xidməti isə redaksiyaya ünvanladığı cavab məktubunun yekununda xatırlatmışdır ki, sözügedən məsələnin həlli XDMX-nin səlahiyyətləri daxilində deyil.

         Qeyd edək ki, Asif Lətifovun Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə 13.09.2019-cu il tarixli müraciəti Agentliyin mütəxəssisləri tərəfindən araşdırılıb. Agentliyin Asif Lətifova ünvanladığı 21 oktyabr 2019-cu il tarixli məktubunda həmin araşdırmanın nəticəsi göstərilmişdir: «Sözügedən fərdi yaşayış evinə baxış zamanı tikintiyə dair torpaq sahəsi üzərində mülkiyyət hüququ və tikintiyə icazə sənədləri təqdim olunmadı. Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən icra hakimiəti tərəfindən məlumatlandırma icraatı çərçivəsində bu fərdi evin tikintisi ilə bağlı yerli icra hakimiyyəti tərəfindən Agentliyə məlumat daxil olmamışdır. Hal-hazırda (yəni, 21.10.2019-cu il tarixə — red.) ərazidə tikinti işləri aparılmır. Qeyd olunanları nəzərə alaraq, müraciətinizdə qeyd olunmuş məsələlərin həlli yerli icra hakimiyyəti, bələdiyyə və məhkəmə orqanlarının səlahiyyətləri çərçivəsində olduğundan, aidiyyəti üzrə müraciət etməyiniz məqsədəuyğundur».      

         Abşeron RİH başçısının müavini İlham Quliyevin imzası ilə redaksiyamıza daxil olan cavab məktubunda bildirilirdi ki, Asif Lətifovun müraciətində göstərilənlər yalandır və həqiqəti əks etdirmir. Məktubda bildirilmişdir ki, Asif Lətifovun binanın həyətində guya qanunsuz yerləşdirdiyi qaraj götürülsə də, ona dəymiş ziyanın qarşılığında kompensasiya verilmişdir. Zatən, Lətifov özü də kompensasiyanı aldığını inkar etmir. Sadəcə İlham Quliyevin məktubunda bir suala cavab verilmir ki, nədən həmin ünvanda vəzifəli şəxslərə, o cümlədən 3-ü sabiq bələdiyyə sədrinə məxsus, 8-i daşdan olmaqla 10 ədəd başqa qanunsuz qarajlar sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulan sahədən götürülməyib, Asifin və onun kimi vəzifə daşımayan daha iki nəfərin qarajı isə götürülüb. RİH başçısının müavini redaksiyaya yazdığı məktubunda Asif Lətifovun qonşusu tərəfindən binanın infrastrukturuna əngəl yaradılması ilə əlaqədar RİH tərəfindən «yerində aparılmış araşdırmanın» nəticəsi barədə bildirir ki, Asifin «qərəzli ərizələrlə» şikayət etdiyi qonşusu, ehtiyatda olan zabit Seyidov Mirsahib Həsrətqulu oğlu himayəsində olan iki fiziki imkanları məhdud əlil övladlarının maneəsiz hərəkət etmələri üçün binanın qarşısında piyada yolu salmışdır və həmin yol Asif Lətifovun rahat yaşamasına mane olmur. Yenə də qəribədir ki, nə əcəb yerli icra hakimiyyətinin nümayəndələri sözügedən ünvana baxış keçirərkən FHN-nin mütəxəssislərinin gördüklərini görməmişlər.          

Rayon İcra Hakimiyyətinin Mirsahib Seyidovun qanunsuz əməllərinə göz yumması ona gətirib çıxarmışdır ki, o, 5 mərtəbəli binanın arxa hissəsində, Asif Lətifova məxsus mənzilin pəncərəsinin 2 metrliyində anbar tikməyə başlamış və buna görə Asifin mətbəxinə işıq düşmür. Həmçinin Asifin pəncərəsinin 6 metrliyində it və ördək saxlanılır. Mirsahib öz evinin qabağında əlavə 5 otaq inşa edərək kirayəyə verib. Növbəti dəfə redaksiyamıza müraciət edən A.Lətifov yazır ki, qəsdən onun nüfuzunun aşağı salınmasına görə, 17-ci mənzilin sahibi M.Seyidov Abşeron RİH-nin hüquqşünası Rəşad Qubatov tərəfindən öyrədilərək (102) xidmətinə ondan şikayət edir, guya ki, o, 17.09.2019-cu ildə Mirsahibin ailəsinə söz atıb narahat edir. A.Lətifov bu barədə Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin onun sözlərinə görə, yenə sifarişlə 04.11.2019-cu ildə yenidən 2B binasının arxasında 17-ci mənzilin sahibi tərəfindən tikinti aparılırdı: «Halbuki, məhkəməyə müraciət etdikdən sonra ərazidə bütün işlər dayandırılır. Abşeron polisinin və mətbuat nümayəndələrinin müdaxiləsindən sonra yenidən qanunsuz hörülmək istəyən tikili söküldü. 04.11.2019-cu ildə Memarlıq və Tikinti İdarəsinə gedib ərizə yazanda Rəşad Qubadov təcili ora gələrək mənə atmacalı sözlər atırdı və bildirdi ki, 17-ci mənzilin sahibinin arxasında o, dayanıb».

Maraqlıdır ki, Abşeron RİH-nin hüquqşünası Rəşad Qubadov redaksiyamıza zəng vuraraq RİH — nin redaksiyaya cavab məktubu hazırlayıb, soruşdu ki, məktubu ənənəvi poçtla göndərsin, yoxsa, elektron poçtla. Biz ənənəvi poçta üstünlük verdiyimizi bildirdik və soruşduq ki, rayon rəhbərliyi Lətifovu niyə qəbul edib ətraflı dinləmir. Hüquqşünasdan nə eşitsək yaxşıdır?: «O Paşinyana deyin ki, icazə verdiyimiz qonşusu əlildir, o adamın həyətində it yoxdur, heç bir anbar tikmir, Asifin sökülən qarajının da pulu verilib». Söhbətin gedişində biz Rəşad Qubadova vatsap vasitəsilə Mirsahibin yolu bağladığı tikilinin və həyətindəki itin şəklini göndərdik. Rəşad Qubadov vatsapla artıq İlham Quliyevin məktubundan altını cızdığımız, yuxarıdakı sətirlərdən oxucuya məlum olan rəsmi cümlələrlə cavab yazdı ki, Asif Lətifova məxsus qaraj mövcud olmayıb, bununla belə binanın həyətində qanunsuz yerləşdirdiyi qaraj götürülsə də, ona dəymiş ziyanın qarşılığında kompensasiya verilmişdir.

A.Lətifov Rəşad Qubadovu onun ünvanına işlətdiyi təhqiramiz ifadələrə görə DTX-nin raon şöbəsinə şikayət etmişdir və etibarlı mənbədən aldığımız məlumata görə, o, noyabrın 7-də şöbəyə çağırılaraq tənbeh edilmişdir. Həmçinin öyrənmişik ki, 1992-ci ildə Abşeron Raon İcra Hakimiyyətinə başçılıq etmiş Qubat Qubadovun oğlu olan Rəşad Qubatovun özünün Xırdalan şəhərində və rayonun başqa yerlərində qeyri-rəsmi 12 obyekti vardır. Xırdalan şəhərinin Nizami Gəncəvi küçəsi, 27-ci məhəllədə ona məxsus olan «Fəxri market»i qardaşı işlədir. Həmin marketin yanında ət kəsimi məntəqəsi, kişi bərbərxanası, «Riyad» kafesi, ikimərtəbəli «Çay Evi», avtoelektrik emalatxanası, karate idmanı zalı, ev alqı-satqısı ofisi və başqa icarəyə verilmiş hazır obyektlər də Rəşad Qubadova məxsusdur. 30 saylı beşmərtəbəli binanın tinində zirzəmini bütövlüklə ələ keçirərək daha bir idman zalı təmir etdirir.

Əmisi «Qoç» ləğəbli Xoşcürət Qubadovun Güzdəkdə Rəşad tərəfindən himayə olunan iki karxanası var, üçüncüsünü də Qarabağ əlillərinin əlindən almaq istərkən qalmaqal çıxıb. Beləliklə, Rəşad Qubadovun Qarabağ veteranı Mirsahib Seyidova və təmənnasız havadar çıxması o qədər də səmimi görünmür.

Mövzuya qayıdacağıq.    

Abşeron rayonu Xırdalan şəhəri

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi

hörmətli Ruslan müəllimə

Xırdalan şəh. 27-ci məhəllə, bina 2B,

mənzil 26-da yaşayan Xüsusi Dövlət

Mühafizə Xidmətinin sabiq zabiti

Lətifov Asif Aydın oğlu tərəfindən

Ərizə

Mən Azərbaycanda  dövlət idarələrində, məhkəmələrdə, Abşeron icra hakimiyyətinin inzibati binasında qəbullarda sürünməkdən bezlim. Şikayətlərimi, pozulmuş hüquqlarımı, dərdlərimi dövlət idarələrinə gedib müraciət etməkdən yoruldum. Məmurlar isə mənim şikayətlərimə baxmırdılar, yaşamaq çox çətin, mənə qəsdən yaradılan problemlər isə üst-üstə. Abşeron icra hakimiyyəti və orda işləyən məmurlar problemlərinin həllində mənə kömək etmək əvəzinə əlləri ilə mənə qapını göstərirlər və məni ermənilərlə və onların prezidenti Paşinyanla müqayisə edirlər. Bu barədə səs yazısını Abşeron DTX-nin hörmətli rəis müavininə təqdim etmişəm. Vətəndaşa və zabit şərəfimə yaraşmayan tərzdə mənimlə rəftar edirlər. Tələb olunan davranış normalarından uzaq və etik qaydalara riayət etmədən məmurlar məni başlarından edirlər. Abşeron icra hakimiyyətinin hüquqşünası Rəşad Qubadov jurnalistlərə məni Ermənistan prezidenti Paşinyanla müqayisə etdirir və mənim ermənilərdən betər olduğunu söyləyərək alçaldır. Haqqımı və hüququmu tələb edən kimi məni inzibati binada “cəbhəçi” adlandırır. Rəşad Qubadovun yolverilməz davranışlarına görə Abşeron icra hakimiyyətinin başçısı İradə Gülməmmədova cavabdehlik daşıyır. 01.11.2019-cu ildə mənə məxsus mənzilin 5 mərtəbəli binanın arxa hissəsində pəncərəmin 2 metrliyində mənimlə eyni binada yaşayan 17-ci mənzilin sahibi Seyidov Mirsahib Həzrətqulu oğlu anbar tikib və buna görə mətbəximə işıq düşmür. Həmçinin pəncərəmin 6 metrliyində it və ördək saxlayır. Qəsdən nüfuzumun aşağı salınmasına görə, 17-ci mənzilin sahibi Rəşad Qubadov tərəfindən öyrədilərək (102) xidmətinə məndən şikayət edir, guya ki, mən 17.09.2019-cu ildə onun ailəsinə söz atıb narahat edirəm. Bu barədə Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Lakin yenə sifarişlə 04.11.2019-cu ildə yenidən 2B binasının arxasında 17-ci mənzilin sahibi tərəfindən tikinti aparılırdı. Halbuki, məhkəməyə müraciət etdikdən sonra ərazidə bütün işlər dayandırılır. Abşeron polisinin və mətbuat nümayəndələrinin müdaxiləsindən sonra yenidən qanunsuz hörülmək istəyən tikili söküldü. 04.11.2019-cu ildə Memarlıq və Tikinti İdarəsinə gedib ərizə yazanda Rəşad Qubadov təcili ora gələrək mənə atmacalı sözlər atırdı və bildirdi ki, 17-ci mənzilin sahibinin arxasında o, dayanıb.

Hörmətli Ruslan müəllim!

Gəncə hadisələri – vətəndaşla məmur arasında qarşılıqlı anlaşmanın olmaması və təhqir səbəbindən baş verdi. Xahiş edirəm ki, Abşeron icra hakimiyyətinin “hüquqşünası” Rəşad Qubadovu profilaktik söhbətə çağırıb başına saldırın ki, vətəndaşı aşağılamaq və onun haqqında saymazyana danışmaq, ermənilərlə məni müqayisə etmək açıq-aşkar tərbiyəsizlikdi. Səs yazısını Sizə təqdim edə bilərəm. Ondan soruşun ki, “bəlkə Dilqəm Əsgərovla Şahbaz Quliyevi də Ermənistana mən təhvil vermişəm”. Həmçinin xahiş edirəm, məni qəbul edib və mənə məmurlar tərəfindən qəsdən yaradılan problemin həllində köməklik göstərin ki, sabah başqa hərəkət edəndə məni “Vətən xaini” kimi ittiham etməyəsiz. Başqa çıxış yolum qalmayıb, bu artıq son həddir.

İmza:                                      Lətifov A.A.

203 просмотров всего, 1 просмотров сегодня