Xaçmaz elektrikşəbəkənin rəisinin «dilənçiliyi»

Xaçmazda EŞ-nin rəisi sakini Prezidentə müraciət etməyə məcbur etdi

20190125_125612 (2)    20190125_125628    20190125_125652  20190125_125657

   Artıq bir müddət idi ki, Xaçmaz rayonu Ağtala kəndinin təqribən 20 təsərrüfatında yaşayan sakinlərin elektrik enerjisi ilə təmin olunmaları və bununla bağlı onların üz-üzə qaldıqları problemlərin varlığı, əksər media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilmişdi. Əldə etdiyimiz müəyyən məlumatlara görə, adı çəkilən kənd sakinlərinin bu yöndə problemləri ötən ay müəyyən qədər həllini tapsa da, vaxtilə yaşanan problemlərin varlığını qabardan, pozulmuş hüquqlarının bərpasına nail olmaq istəyən bəzi sakinlər, o cümlədən Şamilov Süleyman Həbib oğlu, bu gün də oxşar problemlə üz-üzə qalmaqdadır. Belə bir səbəb üzündən də, adı çəkilən bu şəxs elektrik enerjisi ilə təmin olunması yöndə  əmələ gələn problemlərin, daha çox Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi, Xaçmaz Elektrik Şəbəkənin rəisi Ramil Məmmədovun ona göstərdiyi sayğısızlığın qarşısını almaq üçün, ölkə rəhbəri cənab İlham Əliyevə və digər vəzifə sahiblərinə ünvanladığı müraciətinin bir surətini də Deryaz.az saytının redaksiyasına təqdim edib. Şamilov Süleyman Həbib oğlu redaksiyamıza təqdim etdiyi ərizəsində yazır ki, “Bizim ailə üzvləri də 1988-ci ildə məlum hadisələrlə üz-üzə qaldığımızdan, son anda Qərbi Azərbaycandan çıxdıq və ilk əvvəl respublikamızın müxtəlif ünvanlarında yaşamağa məcbur olduq. Bir neçə ildən sonra isə, fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayonunun Ağtala kənd bələdiyyəsinə torpaq sahəsi ayrılması məqsədilə müraciət etdim. Düzdür, müraciətimə bələdiyyə rəhbərliyi tərəfindən müsbət cavab verildi və mən ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikdim. 2014-cü ildə inşa etdiyim fərdi yaşayış evində elektrik enerjisinə olan ehtiyacımızı təmin etmək, həmçinin  “Texniki şərt” almaq məqsədilə ilk dəfə Ağtala kənd bələdiyyəsinin rəhbərliyinə müraciət etsəm də, 10 avqust 2015-ci il tarixdə isə, Xaçmaz Elektrik Şəbəkənin rəhbərliyinə yazılı ərizəmi təqdim etdim. Həmin vaxt adı çəkilən qurumun səlahiyyətliləri ərizəmi qəbul etdilər və mənə “Get müvəqqəti olsa belə, öz vəsaitiniz hesabına kabel al və elektrik xətti çək ki, elektrik enerjisindən istifadə edə biləsiniz. Çox yaxın vaxtlarda da dövlət vəsaiti hesabına hər bir sakinin yaşadığı evə kabellə elektrik xətti çəkəcəyik” dedilər. Mən Xaçmaz EŞ-nin əməkdaşlarının dedikləri qaydada addımlarımı atdım.

10 iyul 2016-cı il tarixdə isə, EŞ-dən mənə zəng edib “Sənə aid “Texniki şərt” hazırdır, sadəcə olaraq 239 manat 45 qəpik dövlət rüsumunu ödəməlisən ki, yaşadığınız evə elektrik sayğacı quraşdıra bilək” dedilər. Mən həmin rüsumu ödədikdən sonra, EŞ-nin əməkdaşları yaşadığımız evə elektrik sayğacı quraşdırdılar. O halda onlara, axı siz mənə kabellə elektrik xətti çəkəcəyinizi də vəd etmişdiniz, deyə sual etdim. Belə bir sualıma aydınlıq gətirmək əvəzinə, onlar EŞ-nin layihə və smeta şöbəsinin aparıcı mühəndisi R.Kazımov tərəfindən imzalanmış və guya ki, yaşadığımız evin elektrik enerjisi ilə təmin olunması zamanın istifadə olunmuş materialların cari qiymətlər əsasında tərtib olunmuş smeta sənədini (№7455) mənə təqdim etdilər. Həmin an onlara smeta sənədində qeyd olunanlardan heç bir halda istifadə olunmadığını, yalnız ağ kağız parçasında yazıldığını qeyd etdim. Onu da bildirim ki, mənə verlmiş “Texniki şərt”in son icra müddətinin 30 dekabr 2015-ci ildə başa çatması da qeyd olunmuşdu.

Bu ilin dekabr ayında isə, Xaçmaz EŞ-nin əməkdaşları Ağtala kəndinin “Yeni yaşayış massivi” adlanan ərazisində kabelləşmə işlərini həyata keçirsələr də, şəxsən bizim yaşadığımız evə kabellə elektrik xətti çəkmədilər. Belə bir problemlə bağlı EŞ-nin rəisi Ramil Məmmədovla əlaqə saxladım və üz-üzə qaldığım olayın mahiyyətini tam aydınlığı ilə onun diqqətinə çatdırdım. O halda o, etdiyim telefon zəngimə “Tək evə, hansı ki, 80 metr aralı məsafədə yerləşən fərdi yaşayış evinə kabellə elektrik xətti çəkilməsinə izcazə verilmir” deyə cavab verdi. Belə bir cavabı eşidib, sanki şoka düşdüm. Çünki, “Yeni yaşayış massivi” adlanan ərazidə elə fərdi yaşayış evləri var ki, həmin evlər bir-birindən xeyli aralı məsafədə yerləşir və kabelləşmə həyata keçirilərkən, onların hər birinə kabellə elektrik xətləri də çəkildi. Bizə məxsus fərdi yaşayış evinə kabellə elektrik xəttinin çəkilməsi hansı səbəbdən qadağan olunub, mən hələ də belə bir səbəbə cavab tapa bilmirəm”.

Yəqin ki, EŞ-nin rəisi Ramil Məmmədovun adı çəkilən bu sakinə qarşı bəslədiyi ögey münasibətin bəzi özəllikləri var. Etimal etmək olar ki, vaxtilə Süleyman Şamilov da digər sakinlərlə birlikdə elektrik enerjisi ilə təmin olunmalarında əmələ gələn problemləri aidiyyəti qurumların rəhbər vəzifə sahiblərinin, media sahəsində çalışanların və s. diqqətinə çatdırdıqlarından, bu gün o, belə bir ögey münasibətlə üz-üzə qalıb. Hətta, bir neçə ay bundan öncə Ağtala kənd sakinləri arasında belə bir söz-söhbətlər dolaşıb və  EŞ-nin rəisi orda-burda deyib ki, “Kim məndən KİV nümayəndələrinə şikayət veribsə, qoy həmin jurnalistlər də gəlib həmin şəxsə işıq çəksinlər. Çox jurnalistlər yanıma gəlib-gedirlər, mən onlara 10-15 manat “dilənçi pulu” pulu verib yola salıram, sonra da…”. Bəli, biz bu cür ucuz və çılğın danışıqları, vəzifə sahibi olan  şəxsə yaraşmayan belə bir söz-söhbətləri eşitdikcə, olduqca təəssüf hissi keçirdik. Çünki, heç bir qanun, yaxud da heç bir kimsə Ramil Məmmədova ixtiyar vermir ki, bu cür ucuz və çılğın söz-söhbətlərini orda-burda danışsın. Digər tərəfdən, bir çox vəzifə sahibləri, o cümlədən adı çəkilən vəzifə sahibi də bilməlidir ki, “Çox jurnalistlər yanıma gəlib-gedirlər, mən onlara 10-15 manat “dilənçi pulu” pulu verib yola salıram” deməsi, heç cür yolverilməz haldır. O halda sual oluna bilər ki, jurnalistlərə verilən “dilənçi pulu” eyib məsələdirsə, bəs Ağtala kənd sakinlərinin elektrik enerjisi ilə təmin olunmalarında olan problemləri aradan qaldırmaq üçün, hər təsərrüfatda olan ailə başçısından toplanmış 70 manat pullar nə pullarıdır? Bəyəm, elektrik dirəkləri almaq üçün EŞ-ə əməkdaşlarının hər kəsdən məcburi qaydada aldıqları 70 manat pulları “dilənçi pulu” adlandırmaq olmaz? Yox, əzizlərim! Bu pullar da, Ramil Məmmədovun təbrincə desək “dilənçi puludur”. Odur ki, …

Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, bu gün ölkəmizdə hər kəsin normal şəkildə elektrik enerjisi ilə təmin olunması, dövlət-hakimiyyət orqanlarının qarşısında duran əsas prioritet məsələlərdəndir. Hal-hazırda ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi onu söyləməyə əsas verir ki, bu gün hər bir sakinin normal elektrik enerjisi ilə təmin olunması üçün lazımi əsaslar var. Ən əsası isə, ölkə rəhbəri cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət göstərməsi və əhalinin elektrik enerjisi ilə tam şəkildə təmin olunmasına cavabdehlik daşıyan hər bir vəzifə sahibinə lazımi tapşırıqlarını verməsidir. Bu belə olduğu halda sual oluna bilər ki, görəsən Ağtala kənd sakini Süleyman Şamilova qarşı bəslənən ögey münasibət, nə müddətə qədər davam edəcək? Bəlkə cənab Prezidentin vermiş olduğu tapşırıqların Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi, Xaçmaz Elektrik Şəbəkənin rəisinə heç bir aidiyyəti yoxdur?  Sözsüz ki, bunlar olduqca düşündürücü və ayrıd olunası suallardır.

Biz də bir redaksiya olaraq bu mövzunu diqqətdə saxlayacağıq. Yəqin ki, məqalənin dərcindən sonra “Azərişıq” ASC-nin prezidenti cənab Vüqar Əhmədov, əvvəlki rəhbərlikdən fərqli olaraq problemlərin varlığına xüsusi önəm verəcək. Yəqin ki, o halda Xaçmaz EŞ-nin rəisi Ramil Məmmədovun Ağtala kənd sakini Süleyman Şamilova sərgilədiyi ögey münasibətin varlığı aradan qaldırılacaq və adı çəkilən şəxsin fərdi yaşayış evinə həm ayrılmış dövlət vəsaiti hesabına, həm də şəxsin özünün “Kapital Bank”a ödədiyi 239 manat 45 qəpik hesabına kabellə elektrik  xətti çəkiləcək.

Mövzu diqqətimizdədir.

 

 

 

 

 

 

 

758 просмотров всего, 1 просмотров сегодня