İCRA BAŞÇISINI OĞURLUQ ÜSTƏ YAXALAYAN JURNALİST NECƏ «QATİL» OLDU

 12 fevral 2013-cü il. DNK analizi 30 il əvvəl amansız qətl törətməkdə ittiham olunaraq 99 il həbs cəzasına məhkum edilmiş ABŞ-ın Texas ştatının sakini Randolf Arlicin əslində günahsız olduğunu sübut edir. Belə ki, analizin nəticələri qətli əslində başqa şübhəlinin həyata keçirdiyini göstərir. 58 yaşlı Arlic Korsikana şəhər məhkəməsinin qərarı ilə dəmir barmaqlıqlar arxasından azadlığa buraxılır. Həmin şəxs 1984-cü ildə Kerolayn Armstronq adlı qadını 40 bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunmuşdu. Qətlə yetirilən qadının avtomobilində tapılan baş tükü digər şübhəlinin saçı ilə son dərəcə uyğun gəlib. Bunun sayəsində vəkillər ömrünün yarısını həbsdə keçirən Arlicin günahsız olduğunu sübut etməyə nail olublar. 25 fevral 2017-ci il. Qətl hadisəsində ittiham olunan İtaliyanın Fraqanyano şəhər sakini 55 yaşlı Ancelo Massaro 20 il türmədə yatandan sonra günahsız olduğu üzə çıxıb. Daha öncə Katanzaro məhkəməsi onun suçlu olması barədə qərar çıxarmışdı. O, Lorenso Fersurellanın ölümündə ittiham olunaraq, 24 illiyinə azadlıqdan məhrum olunmuşdu. İstintaq materiallarından aydın olur ki, bu şəxsin qətldə ittiham olunmasına səbəb üçüncü şəxslərin verdiyi məlumatlar və yanlış detallar olub. İstintaq sübut edib ki, eşidilənlər heç də həqiqəti əks etdirmir. Bundan başqa,ittiham olunan şəxsin vəkili də onun hadisə baş verən zaman başqa yerdə olduğunu sübut etməyi bacarıb. Son nəticədə məhz Ancelonun 22 il həbsinə qərar verən məhkəmə bu dəfə onun suçsuz olduğunu sübut edib və onun azadlığa çıxmasına qərar verib. Eks məhbus qeyri-qanuni azadlıqdan məhrum edildiyinə görə, Ədliyyə Nazirliyindən kompensasiya tələb etmişdi. Haqqında söz açdığımız həmvətənimiz isə artıq bir dəfə təqsirsiz yerə tutulduğu üçün ona təklif olunan kompensasiyadan imtina edib. Amma ikinci dəfə…. 13 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) məhkumluq həyatı yaşayan jurnalist Arzu Orucov 2006-cı ilin yanvar ayından həbs olunub. Qəsdən adam öldürmədə ittiham olunaraq, 15 il müddətinə azadlıqdan məhrum edilmiş Arzu Orucovun çəzasının çəkilməmiş 2 ili qalıb. Özünü qatil saymayan Arzu heç vaxt bu ittihamla barışmayıb və qəti olaraq bu qənaətdədir ki, onu jurnalist fəaliyyəti ilə əlaqədar, sifarişlə həbs ediblər. Məhkum həmkarımızın yaxınları redaksiyamıza bildiriblər ki, onun nə üstündə atradan götürüldüyü Gədəbəydə uşaqdan-böyüyə hamıya məlumdur. Korrupsioner məmurlara qarşı qələmi ilə savaş açmış Arzu Orucov tənqidi fikir daşıyıcısı kimi tanınırdı və çox məmur onun əlindən dad edirdi. İmza atdığı ən gurultulu, ifşaedici materiallar sırasında 2004-cü ildə Almaniyadan Gədəbəyə Heydər Parkının abadlaşdırılması üçün gətirilmiş kafel, metlax inşaat materiallarının rayonun o vaxtkı icra başçısı Kamran Rzazadə tərəfindən gecə ikən yük maşınları ilə daşıtdırılaraq öz həyətinə aparılmasını sübuta yetirən foto-video çəkilişləri həyata keçirərək, rayon prokuroru Nizami Göyüşovun masasına yatırması olub. Bundan bir ay sonra RİH başçısı ona qarşı Cinayət Məcəlləsinin 147-ci («bilə-bilə yalan məlumatları yayma») maddəsi ilə məhkəmədə iddia irəli sürüb və onu tutdurub. Lakin Arzu məhkəmədə təqsirkar olmadığını sübuta yetirə bilib. Ona dəyən maddi və mənəvi zərər qarşılığında kompensasiya da təklif olunub, o isə qanunun aliliyi naminə hər əzaba qatlaşmağa hazır olduğunu deyərək kompensasiyadan imtina edib. Həmin hadisənin üstündən iki ay keçəndən sonra hazırda mühacir həyatı yaşayan Azərbaycan Beynəlxalq Universitetinuin sabiq rektoru Elşad Abdullayevin qardaşı Elsevər Abdullayevə canlı sual verib ki, necə olur respublikada bir çox gurultulu cinayətlərin üstünü açmağa müvəffəq olmuş Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi kimi o, öz qardaşı, MTN əməkdaşı Fərhad Abdullayevin «yoxa çıxmasının», sonra da qətlə yetirilməsinin üstünü aça bilməyib. Eşitdiyi sualdan heç də məmnun qalmayan F.Abdullayev isə qısaca cavab verib ki, hələlik bu, istintaq sirridir, tezliklə nəticə barədə ictimaiyyətə məlumat veriləcək. Daha üç ay keçəndən sonra 2006 — cı il yanvarın 18-də rayon prokurorluğuna çağırıblar və deyiblər ki, guya Qumlu kəndində baş vermiş filan qətl hadisəsini o törədib. Arzu eşitdiyindən, şoka düşüb. Ona bildiriblər ki, üzünə duracaq «hal şahidləri» var. Rayon sakinləri Hüseynov Ramin İsrafil oğlu, Hüseynalıyeva Könül Yaqub qızı, Əliyev Elşad Səxavət oğlu aldıqları təlimata uyğun olaraq, onun üzünə durublar. Orucovlar bildirirlər ki, sonrakı araşdırmalar zamanı mərhumun mülk üstündə öz yaxın adamları tərəfindən qətlə yetirildiyi məlum olub. Qəti olaraq bu qənaətdədirlər ki, oğulları məhz jurnalist fəalkiyyətinin güdazına gedib, Nizami Göyüşov onun həbsini ailəvi dost olduğu Elsevər Abdullayevə hədiyyə edib. Bildirirlər ki, hətta Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanov özü Arzu Orucova həbsinin sifarişli olduğunu etiraf edib. Jurnalistlər adətən öldürmürlər, öldürülürlər. Qətlə yetirilirlər, qatil olmurlar. Onlar qanunu heç də hüquqşünasdan az bilmirlər, əməllərinə görə daşıdıqları, daşıyacaqları məsuliyyəti də yaxşı anlayırlar. Qələm adamları olsa-olsa, tənqid etdikləri kiminsə dolayısı ilə ölümünə, məsələn, infarkt keçirməsinə, dolayısı ilə intihara əl atmasına səbəbkar ola bilərlər. Bu bir aksiom olduğundan, Arzu Orucovun da qatil olmasına əvvəıl başdan heç kəs inanmamışdı. Bundan başqa, Arzu şəhid ailəsinin, müharibə veteranlarının ailəsinin üzvüdür. Həmişə bu qənaətdə olub ki, xarici düşmənimiz erməni şovinistləri, daxili düşmənlərimiz isə xalqın, dövlətin sərvətinə qənim kəsilən korrupsioner məmurlardır. Davasını da qələmlə aparırdı, silahlq deyil. Ümid edək ki, Arzu tezliklə azadlığa qovuşacaq, öz haqqını sübut edib bəraət alacaqdır. Bu, onun üçün şərəf məsələsidir.

163 просмотров всего, 1 просмотров сегодня