CEYHUN BAYRAMOV BÖYÜK DAYAĞINI İTİRMƏK İSTƏMİRSƏ…

img925 (1)             TEHSİL İDARESİ

 

Hörmətli nazir bilməlidir ki, Məhəbbət Vəliyeva, Eşqi Bağırov, Rəşad Tağıyev, Şahin İsgəndərov kimi şəxslərlə təhsili inkişaf etdirmək olmaz. Xalqın, cəmiyyətin, tərəqqipərvər təhsil ictimaiyyətinin Böyük Dayağını qazanmaq üçün Ceyhun müəllim ilk növbədə ətrafını Kələntər, Yastı Salman, Yarməmməd, Lal Hüseyn xislətli adamlardan təmizləməlidir. 

Direktorların İşə Qəbulu Qaydaları .. Yeni qaydalar və təhsilimiz bu gün ..

https://www.facebook.com/elsan.qafarov.96/videos/986692444847942/UzpfSTEwMDAwNTIxNTg3MDg2NDo5ODgxMTExMzEzNzI3NDA/

Bu gün Azərbaycan təhsilində aşkar müşahidə edilən mənfi tendensiyalardan biri və bəlkə də birincisi budur k, cəmiyyətdə müəllimin nüfuzu get-gedə aşağı düşür. Bu xoşagəlməz meylin çeşidli səbəbləri vardır. Acınacaqlı hal budur ki, sosial problemlər məngənəsində sıxılan müəllimin şəxsiyyəti bəzi hallarda məhz təhsili idarə etməklə, təhsil prosesinə nəzarət etməklə vəzifələndirilmiş şəxslər tərəfindən alçaldılır. Müəllimlərin Etik Davranış Qaydalarında göstərilir: «Rəhbərliyin müəllimlərlə münasibəti qarşılıqlı hörmət əsasında qurulmalıdır; — Rəhbərlik tərəfindən müəllim əməyinin qiymətləndirilməsi həqiqi xidmətlərinə görə olmalı, qərəzsiz və ədalətli formada həyata keçirilməlidir; — Rəhbərlik təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən münaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı, yaranmış münaqişəni konstruktiv həll etməyə çalışmalı və nizam-intizam yaratmalıdır. Burada «rəhbərlik və müəllim» dedikdə heç də təkcə məktəb direktoru və sıravi müəllimi nəzərdə tutmuruq. Söhbət bu dəfə Təhsil Nazirliyi (TN) — Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tandemi və məktəb direktorlarından gedəcək. «Dəryaz» qəzetinin və qəzetin internet səhifəsi olan «Deryaz.az» saytının sadiq oxucuları xatırlayarlar, onların sırasına yeni qatılanlara da məlum edirik ki, indiyədək hazırda Təhsil nazirinin müavini vəzifəsində işləyən Məhəbbət Vəliyevanın BŞTİ-nə rəsmən rəhbərlik etdiyi müddətdə özünün və ətrafındakı məmurların rəvac verdiyi qanunsuzluqlarla əlaqədar çoxsaylı faktlara əsaslanan tənqidi məqalələr dərc olunmuşdur. Açıqlanmışdır ki, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışdığı dönəmdə IX-X-XI siniflərə qəbul məsələsində onun barəsində Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət daxil olub və araşdırma aparılıb. Həmin vaxt çətin anlar yaşayan Məhəbbət müəllimə insult keçirib, hətta fizionomiyasında müəyyən müddət qüsur yaranıb. Lakin necə olubsa, bu xətəri öz üzərindən sovuşdura bilib, məsuliyyətə cəlb olunmayıb. Bir ara KİV-də Bakı şəhəri Yasamal rayonu 53 saylı orta məktəbin dorektoru Firəngiz Həsənovanın Məhəbbət Vəliyevanın Bakı şəhər Təhsil Şöbəsinin müdiri təyin olunanda ona 20 min manatlıq brilyantla bəzədilmiş qızıl saat hədiyyə etdiyi barədə xəbər dolaşdı. Məqsədimiz həmin məsələlərin üstünə yenidən qayıtmaq deyil. Həmin yazılar internet resuslarında hələ də qalmaqdadır: nə F.Həsənova, nə də M.Vəliyeva tərəfindən rəsmən təkzib edilməyib. Nə yazıq ki, TN Məhəbbət Vəliyevanın ünvanına yazılan bütün tutarlı tənqidi fikirlərə baxmayaraq, onu nazir müavini vəzifəsinə irəli çəkdi. «Rəsmən rəhbərlik etdiyi» ibarəsini də səbəbsiz yerə işlətmirik. Məsələ burasındadır ki, Məhəbbət Vəliyeva elə hal-hazırda da BŞTİ-yə faktiki rəhbərliyi həyata keçirməkdədir. Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, az əvvəl M.Vəliyeva paytaxt məktəblərindən birində Bakının bütün məktəb direktorlarının iştirakı ilə iclas keçirib. İclasda baş vermiş xoşagəlməz məqamlardan biri bu olub ki, «iclas sədri» bir çox məktəb direktorunu ayağa qaldıraraq fəaliyyətlərində aşkarlanmış nöqsanları hamının qarşısında üzlərinə deyib, intizam tənbehi aldıqlarını xatırladıb. Bildirilir ki, sayı 300-dən çox olan iştirakçı həmkarlarının gözü qarşısında bu cür tənbeh olunmaq həmin şəxsləri çox məyus edib. Məlumatda o da qeyd olunur ki, M.Vəliyeva fəaliyyəti əsla təqdir olunmayan təhsil müəssisəsi rəhbərlərini layiq olmadıqları halda tərifləyir, başqalarına nümunə göstərir. Eşidənlər də mat qalırlar ki, layiq olmayan şəxslər niyə onlara etalon kimi göstərilir, görəsən direktorların işinin qiymətləndirilməsində daha hansı meyarlar rol oynayır. Ortaya çıxan haqlı suallar var: Məsələn, məktəb direktorlarının aldığı töhmətlər məhz M.Vəliyevanın BŞTİ-yə rəhbərlik etdiyi dövrə — son üç ildən az olan müddətə təsadüf edib. Məgər müəssisə rəhbərlərinin intizam tənbehi almaları elə M.Vəliyevanın özünün də idarəetmə fəaliyyətinin qeyri-qənaətbəxş olmasını deməyə əsas vermirmi? Niyə əvvəlki dövrlərdə, məsələn, Nailə Rzaquliyevanın İdarəyə rəhbərliyi dövründə direktorlar, direktor müavinləri bu qədər töhmət almırdılar? Diqqəti çəkən məqamlardan biri də budur ki, hörmətli nazir Ceyhun Bayramov BŞTİ rəhbərliyindən nazir vəzifəsinin icraçısı postuna gətirildiyi kimi, M.Vəliyeva da Nazirliyi BŞTİ-dən keçid almış və İdarənin faktiki rəhbərliyini əlində saxlamışdır. Bu məqam belə düşünməyə əsas verir ki, BŞTİ nazir müavinin öz işinin heç də az olmamasına baxmayaraq, dövlət qulluqçusu ola — ola ona olduqca cazibədar görünən bir qurumdur. Sual olunur: Heç bir başqa nazirlikdə belə praktika olmadığı halda, niyə məhz TN-də paytaxt struktur vahidlərinin idarəçiliyini nazir müavini öz əlində saxlamalıdır? Belə çıxır ki, ölkədə BŞTİ-ni idarə etmək üçün başqa kadr yoxdur? Bəyəm, yalnız bir neçə tədbirdə iştirak etməklə, aparıcılıq, oratorluq etməklə, «dilli-dilavər olmaqla» təhsili inkişaf etdirmək olar? M.Vəliyeva paytaxtın tərəqqipərvər təhsil işçilərinin rəğbətini qazana bilməsə də, nə yollasa nazır C.Bayramovun mehrini qazana bilib, onunla isti münasibət qurmağı bacarıb. Xanım müavinin sözü birmənalı və mütləq keçərlidir. Başqa bir mənfi tendensiya istər Nazirlikdə, istərsə də BŞTİ-də idarəetmə işi ilə məşğul olan vəzifəli şəxslərin ixtisasca ya hüquqşünas, ya da iqtisadçı olmalarıdır. Nazirlikdə Daxili Nəzarət Şöbəsi, BŞTİ-də isə onun müvafiq sektoru yaradılıb. Onlar təhsil işçiləri ilə hüquq dili ilə, pul dili ilə danışır, müstəntiq kimi sorğu-suala tutur, dindirirlər. Nazirliyin sözügedən şöbəsinə Sərxan, İdarədəki müvafiq sektora isə səbatsız Kənan Quliyev başçılıq edir. Bütün təhsil ictimaiyyəti onların əlindən zara-zinhara gəlib. Bu siyasətin nəticəsidir ki, əsl pedaqoqlar iyrənc hüquq tələlərinə, pul tələlərinə düşürlər. Yaxud da bu tələlərə düşmək qorxusu altında daim stress yaşayırlar. Pedaqogika isə arxa planda qalır. Məgər sistemdə idarətmə işinə yarayan pedaqoq tapılmır ki, idarəedici vəzifələrə başqa ixtisas sahibləri yerləşdirilir? Mənbə bildirir ki, hazırda BŞTİ-də çox güclü qruplaşma, qütbləşmə vardır. Bir qütbdə M.Vəliyeva dayanıbsa, digər qütbdə BŞTİ — nin rəis müavini Rəşad Tağıyev qərar tutub. İdarədə hamı bir-birini güdür, bir-birinin ayağının altını qazır. «Yuxarıdan» isə müşahidə aparılır ki, kim İdarəyə rəhbərlik etmək istəyini daha çox büruzə verəcək. Ümumiyyətlə, kadr siyasəti açıq bazara, vəzifələrin hərrac vasitəsilə satılması əsasında qurulub. Əvvəllər C.Bayramovla yola getməyən Eşqi Bağırovun da ilk vaxtlar «kürkünə birə düşmüşdü» ki, nazir təyin olunan Ceyhun müəllim elə birinci əmri ilə onu işdən azad edəcək. Lakin, kifayət qədər gözüaçıq adam olan E.Bağırov gecikmədən nüfuzlu şəxslərin «ətəyindən yapışdı», nüfuzlu kabinetlərin «arxa qapısından» girdi, axır ki özünü təzə nazirə tapşırtdıra bildi, sonrakı gedişləri ilə yerini möhkəmlətdi, nəhayətdə isə qılıqlanıb nazirin yaxın simsarına da çevrilməyi bacardı. İndi yenə «köhnə hamam, köhnə tasdır». Yenə əvvəlki qaydada guya məktəbləri düzəltmək əvəzinə R.Tağıyev özünün yaxın bildiyi adamları yollayıb rüşvət yığıdırmaqla məşğuldur. Məktəbdə isə adicə xlor belə tapılmır. BŞTİ-nin təchizat sektorunun müdiri Şahin İsgəndərov təhsil müəssisələrinin təchizatı üçün ayrılan vəsaiti «təyinatı üzrə və səmərəli xərcləyərək» özünə 44 minlik «444» nömrə nişanlı inomarka aldığından, hər şey düşüb direktorların öz üzərinə. Onlar da təbii ki, şagirdlərin valideynlərini bu qayğıya şərik etmək zorundadırlar. Təbii ki, bu vəziyyət bir çox valideynin haqlı narazılığına səbəb olur, şikayətlər KİV-ə də yol tapır. BŞTİ mənsubları isə yalnız töhmət verməklə öz vəzifələrini bitmiş hesab edirlər. Mənbə həmçinin bildirir ki, Eşqi Bağırovun səbatsız kadr siyasətinin acı nəticəsidir ki, sistemdə təmiz adamları işləməyə qoymurlar. Rayonlarda müsabiqədə 50 baldan yuxarı yığan müəllimlər daimi deyil, müddətli müqavilə əsasında işə götürülür. Sual olunur: Niyə? Əgər bu müəllim 50 baldan artıq toplayıbsa, niyə onun taleyi ilə oynanılmalıdır? Kənd məktəblərində müəllim çatışmazlığı var. Rayon təhsil şöbələri müdirləri kadr seçimində söz sahibi deyillər. Onlara hətta imkan verilmir ki, heç olmasa, yerlərdə müəllimləri dəyişsinlər. Bu müstəvidə çox güclü bir monopoliya yaradılıb, bütün pul eyni cibə axır. Birinci siniflərə hazırlıq qruplarına qəbul üçün 500-5000 manat civarında pul yığılır. Yəni, qabiliyyəti sınanan uşaq elektron sınaqdan keçə bilmədisə, qəbul olunmaq üçün tələb olunan pulu verməlidir. BŞTİ-də həmin layihənin rəhbəri İlhamə Abdullayeva olsa da, rüşvətlə bağlı məsələlərdə yalnız göstəriş icraçısıdır. Və həmin göstəriş əsasında Abdullayeva rayonlarda da dəllal şəbəkəsi qurub. Rus sektorlarına şagird axını artsa da, müəllim çatışmır. Bu sektorlara qəbul olunmaq istəyənlərə deyirlər: «Müraciətiniz baxılması üçün Nazirliyə göndərilib. Nazirlik əgər icazə versə, uşağınız rus sektoruna götürüləcək, icazə verməsə, Azərbaycan sektoruna qəbul edərik». Rus sektorundakı mövcud kadrların da çoxunun savad səviyyəsi qənaətbəxş deyil. Hətta olur ki, şagird və valideynlər məsələ qaldırıb biliyi ilə qane olmadıqları müəllimləri işdən kənarlaşdırırlar. Bu gün hörmətli nazir bilməlidir ki, Məhəbbət Vəliyeva, Eşqi Bağırov, Rəşad Tağıyev, Şahin İsgəndərov kimi şəxslərlə təhsili inkişaf etdirmək olmaz. Xalqın, cəmiyyətin, tərəqqipərvər təhsil ictimaiyyətinin Böyük Dayağını qazanmaq üçün Ceyhun müəllim ilk növbədə ətrafını Kələntər, Yastı Salman, Yarməmməd, Lal Hüseyn xislətli adamlardan təmizləməlidir. Üstəgəl, Ceyhun müəllim Təhsil Nazirliyinin KİV-lə əlaqələrinə məsul olan Cəsarət müəllimdən TN-nin Mətbuat Şurası ilə hansı əməkdaşlıq platformasının mövcudluğunu soruşmağı məqsədəuyğundur. Çünki, Cəsarət müəllimin şəxsən özü bizə deyib ki, həmin platformanın razılaşdırılmış şərtlərinə görə, Nazirliyin media ilə əlaqələri məhz Şura üzərindən qurulur: «Biz sizin suallarınızı Mətbuat Şurasına göndərəcəyik, nə məsləhət bilsələr, o cür hərəkət edəcəyik». Həmçinin, Nazirliyin sözçüsünə xatırladılmalıdır ki, qanuna görə Mətbuat Şurası hətta heç «qara siyahı»ya saldığı KİV-in belə suallarını cavablandırmağı heç bir idarə, müəssisə, təşkilata qadağan edə bilməz.

P.S.Ümid edirik ki, bu məqaləmiz və məktubumuzun taleyi də əvvəlki namələr kimi bəzi «quzğunlar» tərəfindən parçalanmayacaq. Nəyin bahasına olursa olsun çalışacağıq ki, hörmətli Ceyhun müəlimin diqqətinə ətrafında baş verən xoşagəlməz olayları çatdıraq ki, hər kəs görsün kim, kimdir.

Məqalədə adları çəkilən hər kəsin mövqeyini dərc  etməyə hazırıq.

Mövzuya yenidən qayıdacağıq.

2,507 просмотров всего, 1 просмотров сегодня