Abşeronda “ESKA” MMC-nin rəhbərliyi, vətəndaşın şəxsi əmlakını necə ələ keçirmək istəyir? Video

 ESKA FOTO1

                           

 

                                IMG_09272               1500288410_irade-gulmemkarikatura

deryaz     Bir müddət bundan əvvəl Qax rayonu, Əmbərçay kənd sakini Abdullayeva Mətanət İsa qızı Deryaz.az saytının redaksiyasına müraciət edərək, üz-üzə qaldıqları problemin həllinə köməklik etməyimizi xahiş etmişdi. Şikayətçi xanım müraciətində qeyd edirdi ki, “Mən 29 sentyabr 2000-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi ev-85, mən-31 ünvanda yaşayan 2-ci qrup əlil Tarıverdiyeva Minarə Xəlifə qızına, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 18 sentyabr 2000-ci il tarixli 1350 saylı qərarı ilə, Xocəsən qəsəbəsi ərazisində verilmiş 0,06 hektar torpaq sahəsini, adı çəkilən şəxsdən etibarnamə əsasında almışdım. Minarə Tarıverdiyeva 12 aprel 2003-cü il tarixdə dünyasını dəyişdiyindən, həmin torpaq sahəsinə aid onunla alqı-satqı müqaviləsi bağlaya bilmədim. Bir müddət keçdikdən sonra isə,  etibarnamə əsasında aldığım torpaq sahəsi üzərində şəxsi vəsaitimiz hesabına 30 kvm-lik yaşayış sahəsi, 15 kvm-lik isə köməkçi hissədən ibarət birmərtəbəli fərdi yaşayış evi inşa etdirdik. Həmin vaxtlardan həm torpaq vergisini, həm də kommunal xidmətləri ödədik, eyni zamanda ümumi sahəsi 45 kvm-lik olan evimizin eskiz layihəsini Abşeron rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsində də təsdiq etdirdik. Onu da bildirim ki, həmin torpaq sahəsi əvvəllər Binəqədi rayonu ərazisinə aid olsa da, bugünkü gündə faktiki olaraq Abşeron rayonuna məxsusdur. Düzdür, ilk əvvəllər istifadəmizdə olan 0,06 hektar torpaq sahəsinə və şəxsi vəsaitimiz hesabına inşa etdiyimiz 45 kvm-lik tikili üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd əldə edə bilməmişdik. Ona görə də belə bir problemin həlli ilə bağlı bir neçə il bundan əvvəl Abşeron rayon Məhkəməsinə müraciət etməli olduq. Keçirilən məhkəmə prosesləri zamanı şahid qismində dindirilən şəxslər verdikləri ifadələrində həmin torpaq sahəsini mərhum Tarıverdiyeva Minarə Xəlifə qızından aldığımı, eyni zamanda inşa olunan tikilinin şəxsi vəsaitimiz hesabına tikilməsini də təsdiq etdilər. Bundan əlavə, torpaq vergisi və kommunal xidmətlərə görə ödəmiş olduğumuz qəbzləri məhkəməyə təqdim etdim və bunlar da keçirilən məhkəmə prosesləri zamanı əsas götürüldü.

           Abşeron rayon Məhkəməsi Mətanət Abdullayevanın mülkiyyət hüququnu tanıyıb

27 dekabr 2007-ci il tarixdə hakim Səmədov Əşir Rəşid oğlunun sədrliyi ilə keçirilən (iş-2-678/2007) proses zamanı, Azərbaycan Respublikası adından qətnamə çıxarıldı. Qətnamədə qeyd olundu ki, “Abdullayeva Mətanət İsa qızının Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsi-2 ünvanda yerləşən, ümumi sahəsi 45 kvm olan yaşayış evi və 0,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınsın və həmin əmlak DƏDRX, Abşeron rayon ərazi idarəsi tərəfindən dövlət reyestrində də qeydə alınsın”. Sözsüz ki, çıxarılmış məhkəmə qətnaməsi qanuni əsaslara söykənərək çıxarılmışdı.

Onu da qeyd edim ki, bir neçə il bundan əvvəldən başlayaraq yaşadığımız evin lap yaxınlığında  “ESKA” MMC-i tərəfindən hündür mərtəbəli yaşayış binası inşa olunmağa başlandı. Hal-hazırda adı çəkilən MMC-nin rəhbərliyi bizi yaşadığımız evdən çıxartmaq istəyir və bu məqsədlə bizə 90 min manat kompensasiya ödəmək və əlavə bir obyekt vermək fikirindədir. Biz  belə bir təklifi heç cür qəbul edə bilmərik.

            “ESKA” MMC-nin rəhbərliyi sakini intihar həddinə çatdırıb

Çünki, yuxarıda qeyd etdiyim kimi lazımi sənədlər əsasında 45 kvm-lik yaşayış evimiz və 0,06 hektar torpaq sahəmiz var. Hələ bundan əlavə, həmin ərazidə bir neçə il bundan əvvəl şəxsi vəsaitimiz hesabına inşa etdiyimiz və ümumi sahəsi təqribən 120 kvm-lik fərdi yaşayış evlərimiz də var. Bütün bunların qarşılığında tikinti şirkətinə rəhbərlik edən şəxslər bizi “yola verməyə” çalışırlar. Hazırda qarşı tərəf bizi yaşadığımız evdən çıxartmaq üçün, müxtəlif üsullara da əl atırlar. Belə ki, onlar yuxarı mərtəbələrdən üstümüzə zirdzibil atdırırlar, səs-küy saldırırlar, dolayısı yolla desək, bezdirib yaşadığımız evdən çıxartmaq istəyirlər. Biz isə əmlakımızın dəyərini ümumi bazar qiyməti ilə hesablaşıb çıxmaq fikirindəyik. Necə olur ki, ölkə rəhbəri cənab İlham Əliyev  tikinti işləri ilə məşğul olanlara da “Sadə vətəndaşları incitmək olmaz, onların qanuni problemləri danışıqlar əsasında, razılaşdırılmış qaydada həll olunmalıdır” deyə ciddi tapşırıqlarını verir. Amma “ESKA” MMC-nin rəhbərliyində duran şəxslər isə, ölkə rəhbərinin vermiş olduğu tapşırıqlara məhəl belə qoymurlar. O halda həmin şəxslərin atdıqları addımlara nə ad vermək olar?

Abşeronda sakinin haqlı tələbinə məhəl qoyulmur

Məsələnin maraqlı və təəccüb doğuran tərəfi ondan ibarətdir ki, bu gün Abşeron RİH-nin rəsmləri Mətanət Abdullayevanın haqlı tələbini dinləyib, məhz ona kömkəklik etmək fikirində deyillər. O halda sual oluna bilər ki, adı çəkilən tikinti şirkətinin eskiz layihəsini və digər rəsmi sənədlərini təsdiqləyən RİH Aparatı, Memarlıq və tikinti şöbəsinin müdiri, “Əməkdar memar” fəxri adını daşıyan Akif Əliyev və digər vəzifə sahibləri, səbəb nədir ki, problemlərin varlığına biganəlik nümayiş etdirirlər? Bundan əlavə, adı çəkilən xanımın redaksiyamıza ünvanladığı müraciəti əsasında problemlərin araşdırılması məqsədilə tərəfimizdən aidiyyəti qurumlara, o cümlədən Abşeron RİH-nə, RPŞ-nə, hətta rayon Prokurorluğuna ünvanladığımız məktublara “Yaxşı olar ki, məhkəməyə müraciət edəsiniz” deyə başdansovdu cavablar verilib. O halda sual oluna bilər ki, hansı əsasla təkrar məhkəməyə müraciət etmək lazım gəlir? Axı, hələ27 dekabr 2007-ci il tarixdə Abşeron rayon Məhkəməsində hakim Səmədov Əşir Rəşid oğlunun sədrliyi ilə keçirilən (iş-2-678/2007) proses zamanı Azərbaycan Respublikası adından qətnamə çıxarılır. Qətnamədə qeyd olunur ki, “Abdullayeva Mətanət İsa qızının Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsi-2 ünvanda yerləşən, ümumi sahəsi 45 kvm olan yaşayış evi və 0,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınsın və həmin əmlak DƏDRX, Abşeron rayon ərazi idarəsi tərəfindən dövlət reyestrində də qeydə alınsın”. Deməli, vaxtilə Abşeron rayon Məhkəməsi tərəfindən belə bir qətnamə çıxarılıbsa, qeyd olunan əmlak üzərində mülkiyyət hüququ Mətanət Abdullayevaya məxsusdur. Ona görə də bu gün təkrar məhkəməyə müraciət etməyə heç bir lüzum qalmır. Düşünürük ki, bundan sonra problemin həlli bugünkü bazar qiymətinə uyğun adı çəkilən xanımla razılaşdırılmalıdır.

Mövzunu diqqətdə saxlayacağıq.

 

 

 

736 просмотров всего, 1 просмотров сегодня