Sabunçuda Adil Vəliyevin məhv etdirdiyi yaşıllıqlara Hüseyinqulu Bağırov niyə göz yumur?

adil vəliyev

Bəylər Əyyubovun adından istifadə edib yüzlərlə ağacı məhv edənlər kimlərdir?

İcra başçısı Zabrat qəbristanlığının ərazisini satıb qurtardı,indi də Bakıxanov qəbristanlığının ətrafını satır.

Məlumat aldıq ki, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Habil Balakişiyev küçəsində hektardan artıq yaşıllıq ərazini hasarlayıb 200 ədəddən çox çoxillik ağacları kök üstündən kəsərək məhv ediblər və yerini hamarlayıb sot-ba-sot satırlar. Əraziyə baxış keçirib informasiyanın həqiqəti əks etdirdiyinin şahidi olduq: Ərazidə artıq tikilmiş və tikilməkdə olan fərdi evlər, hüdudlanmış və hətta darvaza qoyulmuş satlıq sotlar da vardı. Ən təəccüb doğuran bu idi ki, torpaq satışı ilə məşğul olan şəxs heç nədən çəkinməyərək öz telefon nömrəsini ərazidə gözəçarpan yerə elan kimi asmışdı. Həmin nömrəyə zəng vurub müştəri olduğumuzu dedik. Əziz adlı həmin şəxslə aramızda təxminən belə dialoq oldu:

— Torpağı alandan sonra sənədləşmə ilə problem olmayacaq ki?

— Yox, hər şeyə mən cavabdehəm.

— Yəni demək istəyirik ki, icra hakimiyyətindən, ya başqa yerdən gəlib narahat etməyəcəklər ki?

— Narahat olmayın, hər şeyi düzüb-qoşacam. Orda olmusunuzsa, özünüz görmüsünüz ki, hazırda tikinti gedir. Dəyib-dolaşan olsaydı, dayandırardılar. Əgər fikriniz ciddidirsə, gəlin ərazidə görüşüb danışaq.

— Qiymətini desəydiz, işimizi bəri başdan bilərdik. Sotu 11 minə eşitmişik. Aşağı yeri yoxdu?

— Yoxdu, vallah, 9 min öz mayasıdı.

Qanunsuzluğun bunca aşkar şəraitdə tüğyan etməsində doğan suallarımıza cavab tapmaq üçün yollandığımız birinci ünvanda — RİH-nin qəsəbə nümayəndəliyində sədri yerində tapa bilmədik. Sonra Bakıxanov bələdiyyəsinə yolumuzu salıb sədr müavini Nadir Həsənovla söhbət etdik. Sədr müavini bildirdi ki, torpaq satışı qanunsuzdu, dayandırılmalıdı. Bildirdi ki, Bakı ŞİH-də keçirilmiş toplantıda paytaxtın bütün rayonlarının icra hakimiyyətlərinə və yerli özünüidarə qurumlarına sərt formada xatırladılıb ki, torpaqların satışına və fərdi evlərin tikintisinə icazə yoxdur. Çünki infrastrukturun nəzərə alınmır və sonradan problem yaranır.  müəllim ağacların çoxdan kəsildiyini dedi. Hərçənd, biz özümüz şahid olmuşduq ki, onların çoxu yenicə çıxarılıb, yerləri də təzəcə hamarlanıb.

Sabunçu RİH-nin başçısı Adil Vəliyev öz maklerlərinin — Əziz kimi «əzizlərinin» əli ilə rayonun başqa qəsəbələrində də belə qanunsuz onlarla, yüzlərlə hektar torpaq sahələrini qarış-qarış satıb. Satanda da yaşıllıqlara qənim olub, Ulu Öndərin «kim harda bir ağac kəsir, elə bil mənim qollarımı kəsir» sözlərini vecinə almayıb. Hətta yüksək gərginlikli elektrik xətlərinin altındakı, iri diametrli su və qaz kəmərlərinin üstündəki əraziləri də «xırıd» eləyib, möhtərəm Prezidentimizin xəbərdarlıqlarına məhəl qoymayıb.

P.S.  Qarşı tərəfin mövqeyini öyrənmək üçün Sabunçu rayon İcra Hakimiyyətinin başçısı  cənab Adil Vəliyevin qəbul otağına zəng etdik. Katibə xanım başçının köməkçisi Müslüm müəllimlə əlaqə yaratdı. Müslüm müəllim  də bizi dinlədikdən sonra bu işlə onların məşğul olmadıqlarını və Bakıxanov qəsəbə İcra Nümayəndəsinə zəng etməyimizi məsləhət bilərək telefonu yarımçıq qapatdı.Şöbə müdiri Rafael müəllim suallarımıza cavab vermək üçün görüşməyimizi bildirsə də nədənsə sonradan fikrini dəyişib əsl Qurbanəlibəylik etdi.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə və Prezident Aparatına ünvanladığımız sorğular da cavabsız qaldı.Görünür balıq başdan iylənib

Gələn sayımızda Sabunçu rayon İcra Hakimiyyətində baş verən qanunsuzluqlar və özbaşınalıqlar barədə geniş məlumat verəcəyik.

Bunlara baxmayaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Dəryaz Oraqov

768 просмотров всего, 1 просмотров сегодня